İKT mühiti

Azərbaycan Respublikasının gələcək inkişaf strategiyasının əsas istiqamətləri qeyri-neft sektorunun inkişafı hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunması və iqtisadiyyatın şaxələndirilməsidir. Bu məqsədlə ölkəmizin ümumi daxili məhsulunun tərkibində, həmçinin dövlət büdcəsinin formalaşdırılmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi, iqtisadiyyatda innovasiyaların tətbiqinin genişləndirilməsi üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi nəzərdə tutulur. Mövcud resurslardan və coğrafi mövqelərdən istifadə olunmaqla, Azərbaycan Respublikasının bütün bölgələrinin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində təmin edilməsi və iqtisadiyyatımızın rəqabət qabiliyyətinin yüksəldilməsi milli məhsulların dünya bazarında layiqli yer tutmasına şərait yaradacaqdır.
Bu gün İKT respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilmişdir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır.
Azərbaycan Respublikasında İKT-nin inkişaf etdirilməsi üçün görülən işlər nəticəsində ölkənin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (e-hökumət, e-ticarət, distant təhsil və s.) təşəkkül tapması, informasiya və bilik bazarının yaradılması, iqtisadiyyatın müxtəlif sahələrində səmərəliliyin artırılması, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.

İnformasiya cəmiyyətinin əsas xüsusiyyətləri sırasına aşağıdakıları aid etmək olar:
  • qlobal informasiya mühitinin yaradılması
  • informasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə edilməsi, sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaranması.
  • informasiyanın əmtəəyə çevrilməsi, informasiya və bilik bazarının yaradılması və inkişafı.
  • təhsil sisteminin təkmilləşməsi, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına peşə və ümumi mədəniyyət səviyyəsinin artması.
  • demokratik inkişafın vacib şərti sayılan vətəndaşların və sosial institutların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqlarını təmin edən mühitin yaradılması.
  • İnternetdən geniş istifadə milli kontentin inkişafını şərtləndirmiş, dövlət orqanlarının, çoxsaylı hüquqi və fiziki şəxslərin, ictimai təşkilatların saytları yaradılmışdır. Sosial şəbəkələrdən, digər sosial media vasitələrindən istifadə geniş vüsət almış, ölkəmizin tarixinə, mədəniyyətinə, təhsilinə və digər sosial sahələrinə aid müxtəlif informasiya ehtiyatlarının sayı xeyli artmışdır.
    Cəmiyyətdə İKT-nin inkişafından bəhrələnmə imkanının genişləndirilməsi üçün ilk növbədə əhalinin İKT üzrə biliklərinin artırılması, görülən işlər və mövcud imkanlar barədə vətəndaşların məlumatlandırılması, həmçinin informasiyanın əlçatarlığına şərait yaradan ictimai mərkəzlərin fəaliyyəti və güzəştli şərtlərlə kompyuterlərin əldə edilməsi imkanı yaradılmışdır.