© 2022 All Rights Reserved.
İKT Klasterləri
Kənd təsərrüfatı
Kənd təsərrüfatında informasiya – kommunikasiya texnologiyaları (İKT) e-kənd təsərrüfatı kimi tanınır. Kənd təsərrüfatında İKT-lərin istifadəsinin innovativ yolları inkişaf etdirilir və bir çox problemlərin həlli üçün geniş yollar göstərir.
Kənd təsərrüfatının prioritet istiqamətlərindən biri olan əkinçiliyin elektronlaşdırılmasında e-əkinçilik proqramından istifadə olunur. O, İnformasiya Cəmiyyətinin Ümumdünya Sammitinin bəyannaməsində qəbul edilmiş hərəkət xəttlərindən biridir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı e-kənd təsərrüfatı üzrə İKT tətbiqlərinin fəaliyyəti ilə əlaqədar məsuliyyət daşıyır. Bir çox İKT-lər kənd təsərrüfatı məhsullarının artırılması və gəlirlərinin yüksəlməsi və risklərin azaldılması yolu ilə kənd təsərrüfatı ilə məşğul olan fermerlərə müxtəlif səviyyələrdə mütəmadi kömək göstərirlər.
Misal üçün kənd təsərrüfatında avtomatlaşdırılmış, kompyuterləşdirilmiş sahələrdən biri də heyvanların sağım prosesidir. Avtomatik sağım sistemi insan əməyi olmadan süd sağan sistemlərdən ibarətdir. Sağım prosesinin tam avtomaşlaşdırılması kənd təsərrüfatı robotu və kompleks sürülərin idarə proqramı və ixtisaslaşdırılmış kompyuterlər tərəfindən idarə oluna bilir. Avtomatik sağma sistemi vasitəsilə fermer fermaya və sağıma nəzarət edə bilər.
İT – nin kənd təsərrüfatında tətbiqinin müsbət cəhətləri aşağıdakılardır:
1. Düşünülmüş qərar qəbul etmək – lazımi məlumatlara malik olmaqla iri və kiçik fermerlər kənd təsərrüfatı fəaliyyətləri ilə bağlı daha yaxşı və düzgün qərar qəbul edə bilərlər.
2. Daha yaxşı planlaşdırmaq – İT vasitəsilə fermerlər bazardakı tələbatı nəzərə almaqla hansı məhsulu nə vaxt əkməyi planlaşdıra bilər, müasir əkinçilik metodologiyaları ilə fermerlər öz məhsullarına daha yaxşı nəzarət edə bilərlər.
3. İT vasitəsilə məlumat əldə etmək – kənd təsərrüfatında ən son nailiyyətlərin öyrənilməsini asanlaşdırır.
Logistika
Logistika sahəsində innovativ texnologiyalar dünyada sürətlə inkişaf edir. Azərbaycanda da logistika xərclərini optimallaşdırmaqla şirkətlərin bazarda rəqabət qabiliyyətini artırmaq mümkündür.
Azərbaycan iqtisadiyyatının davamlı inkişafı innovativ müəssisələrin sayını artırmağa və ölkənin sosial inkişaf səviyyəsini yüksəltməyə yönəlmişdir. İnnovativ potensialı reallaşdırmaq üçün axın (nəqliyyat-tranzit, boru) proseslərinin səmərəli təşkili ölkə iqtisadiyyatının inkişafı üçün prioritet sahələrdən biridir. İqtisadiyyatın innovativ tipinin inkişafı istehsalın səmərəli fəaliyyətini artıran elm sahəsində yeniliklərin tətbiqinə əsaslanır. Bu gün elm və texnologiyanın böyük imkanlarını nəzərə alsaq, qlobal kompüterləşmə, ən yüksək texnologiyalar, yeniliklər müasir sivilizasiyanın inkişafında əsas vektordur.
İnnovativ logistikanın dərki. İnnovativ logistika, müştəri xidmətinin keyfiyyətinin yüksəldilməsinə, logistika proseslərinin səmərəliliyinin artırılmasına və müxtəlif xərclərin azaldılmasına yönəlmiş müxtəlif yeniliklərin istifadəsi ilə əlaqədar olaraq logistika proseslərinin idarəetmə səviyyəsinin yüksəldilməsi yolunu tutur.
İnnovativ logistikanın idarə olunması məqsədilə müasir vasitələrin tətbiqi üçün əsas amil mənbələrin mövcudluğu deyil, onlardan istifadənin səmərəliliyidir ki, bu da çoxtərəfli əməkdaşlıq şəklində dövlət və biznes strukturlarının qarşılıqlı əlaqəsi ilə mümkündür. Buna görə də çoxtərəfli əməkdaşlığın inkişafı üçün şərtləri və istiqamətləri müəyyənləşdirməyə ehtiyac var.
Azərbaycan üçün logistikada innovasiyanın tətbiqi bir neçə səbəbə görə vacibdir:
- maddi-texniki fəaliyyət inteqrasiya olunur, çünki resurs axını istehsal yerindən hazır məhsulların istehlakına qədər mövcuddur.
- lazım olan məlumatları idarə etmək mümkündür.
- qeyri-maddi axınlar logistikaya daxil edilir ki, bu da onun innovativ proseslərə tətbiq olunmasının mümkünlüyünü müəyyənləşdirən əsas məqamdır.
İnnovativ logistika ölkəmizin iqtisadi potensialının artmasında mühüm amil kimi çıxış etməlidir. Azərbaycanda logistika sənayesinin innovativ inkişafı bu istiqamətin yüksək perspektivini nümayiş etdirə bilər. Bu sahədəki problemlərin aradan qaldırılması və ən yeni texnologiyaların maksimum istifadəsi Azərbaycanın qlobal innovativ logistika sənayesində aparıcı yerlərdən birini tutmasına imkan verəcəkdir. Bu proseslər xüsusi əhəmiyyətə malikdir və məhsulların keyfiyyətinə, dövlətimizin iqtisadi siyasətinin yaxşılaşdırılmasına və davam edən iqtisadi islahatların səmərəliliyinə birbaşa təsir göstərir.
Turizm
Bu gün Azərbaycanda bütün infrastruktur layihələrində müasir informasiya texnologiyalarının tətbiqi həyata keçirilir. Gələcəyinə böyük ümidlər bəslənilən və xeyli sərməyələr yatırılan turizm sektorunda da müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) səmərəli istifadəyə ehtiyac var.
Müasir səviyyəli informasiya texnologiyasının baxdığımız iki səviyyədə tətbiqi bilavasitə turizm xidmətinin göstərilməsi zamanı daha çox səmərə ilə müşahidə oluna bilər. İnformasiya texnologiyasının interaktiv əlaqə formasında tətbiqi isə turizm sahəsində daha geniş auditoriya toplamaq, bazarın cari vəziyyətini, istehlakçı seçimini və s. kimi vacib məlumatları əldə etmək imkanı verir.
Konkret olaraq, ümumdünya elektron şəbəkəsi olan internetin köməyi ilə həyata keçirilən marketinq, reklam tədbirləri, turistlər üçün informasiya dəstəyinin verilməsi interaktiv informasiya texnologiyasının üstün cəhətlərini nümayiş etdirir.
İstehsalat
Bu gün də bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr İKT-nin tətbiqi nəticəsində böyük nailiyyətlər əldə edirlər. Dünya təcrübəsi göstərir ki, İKT-nin geniş tətbiqi ölkənin ümumi sosial-iqtisadi inkişafına təkan verir və o, yoxsulluğun azaldılması üçün təsirli vasitədir.
Dünya təcrübəsi aydın şəkildə göstərir ki, informasiya və kommunikasiya texnologiyaları üzrə istehsal həcminin artırılması ölkənin hərtərəfli inkişafına xidmət edir və məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həll olunması və yoxsulluğun aradan qaldırılması üçün tutarlı vasitələrdəndir. Yeri gəlmişkən, qeyd edək ki, hazırda respublikada İKT sektorunun inkişaf tempi bu sahədə ümumdünya göstəricilərini təxminən üç dəfə qabaqlayır. Ölkədə İKT-nin inkişafını və geniş tətbiqini təmin etmək yolu ilə informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi üçün şərait yaradılması, dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması və qərarların qəbulu prosesində vətəndaşların və sosial institutların iştirakı imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının ödənilməsi hədəf seçilib.
Kiçik və orta biznesin imkanlarının genişləndirilməsi və elmi nəticələrin kapitallaşdırılmasının ən səmərəli üsullarından biri innovasiya təyinatlı texnoloji mərkəzlərin, texnoparkların yaradılmasıdır. Texnopark ölkədə yeni iş yerlərinin yaradılması və yeni texnologiyaların inkişaf etdirilməsi, dövlət üçün innovasiya əsaslı və rəqabətə davamlı iqtisadiyyatın yaradılması vasitəsidir. Texnopark yüksək texnologiyalar və innovasiyalar əsasında biznes fəaliyyəti göstərən sərbəst, kommersiya baxımından əlverişli və səmərəli müəssisədir.
Bu gün milli iqtisadiyyatın inkişaf bazasının yüksək texnologiyalar əsasında qurulması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu siyasət həyata keçirilir. Yüksək texnologiyalar biliyə söykənən iqtisadiyyatın yaranması istiqamətində irəli atılmış əhəmiyyətli addımdır. Bu istiqamətdə fəaliyyətin ən uğurlu təzahürü Sumqayıt texnoparkıdır. Texnopark ölkə üçün innovasiya əsaslı, elmtutumlu və rəqabət qabiliyyətli iqtisadiyyatın inkişaf etdirilməsi vasitəsidir.
Azərbaycan üçün kiçik istehsal biznesi böyük əhəmiyyətə malikdir, lakin iqtisadiyyatın innovasiya əsaslı inkişaf prinsiplərinə keçirilməsi gələcək inkişafın ölçü meyarı hesab edilir ki, bu istiqamətdə uğur əldə etmək üçün münbit şərait mövcuddur.
Kənd təsərrüfatı